.

September 15, 2020

“Tək çıxış yolunu döyməkdə görürdü”


 “Onun tək istədiyi pul idi. Məndən ancaq pul tələb edirdi. Nə desəm, necə desəm xeyri olmurdu. Bu adam danışmağı bilmirdi, tək çıxış yolunu döyməkdə görürdü. Ağlınıza belə gəlməyəcək qədər nalayiq söyüşlər söyürdü. Məni ailəmə, qardaşıma zərər vurmaqla təhdid edib, ona pul tapmağımı istəyirdi. İşlədiyim yerdə də hörmətim qalmamışdı, əvvəlcə maaşımı, sonra da pensiya kartımı götürüb, pulları istifadə edirdi. Üzümdə, qolumda döydüyü yerlərin izləri sağalana qədər heç kim görməsin deyə məni bir otağa salıb, qapını bağlayırdı”.

Bəzən zorakılığa məruz qalan qadınları təhsilsiz, dünyagörüşsüz olmaları ilə qınayırlar. Lakin, bu vəziyyətdən heç kim sığortalanmayıb. Biz bilmirik ki, sabah bizi həyatda nə gözləyir. Elə 50 yaşlı ali təhsilli, həyatının 20 ilini dövlət orqanlarına xidmətə adamış Sevinc (ad şərtidir) kimi... Sevinc deyir ki, bu vəziyyətdə olduğunu kimsənin bilməsini istəmir, bu, onun üçün utancdır.

Oxu.Az yolu sığınacaqlardan keçmiş daha bir qadının həyat hekayəsini təqdim edir.

Sevinc ilk dəfə 26 yaşında ailə qursa da, övladı olmadığı üçün ailəsi dağılıb. Elə bütün bədbəxdliklər də bundan sonra başlayıb:

“Övladım olmadığı üçün münasibətlərimiz pozuldu və nəhayət illər sonra ailəm dağıldı. Sonra valideynlərimin yanına qayıtdım. Ailəmlə də münasibətlərimiz əvvəlki kimi olmadı. Bir müddət belə davam etdi. İşə gedib-gəlirdim, başımı qatırdım. Bir müddətdən sonra qarşıma bir nəfər çıxdı. Anası-atası vəfat etmişdi. Mənimlə çox maraqlandı, qayğı göstərdi. Bilirdi ki, mən bir dəfə ailəli olmuşam, amma bütün hallarda mənimlə maraqlanırdı. Əvvəllər fikir vermədim, amma sonra diqqətimi çəkməyə başladı”.

“Onun şirin sözlərinə, yalan vədlərinə aldandım”

Sevinc deyir ki, onlar rəsmi nikahda olmayıblar, sadəcə qeyri-rəsmi birlikdə yaşayıblar:

“Yaşıma görə istəmədim, yenidən toy və ya başqa yığıncaq edim. O ,məndən bir neçə yaş kiçik idi. Heç ailəm də mənim onunla getməyimə razı deyildi. Düzünü desəm, onların razılığı olmadan həyatımı sərbəst yaşamaq istədiyimi deyib, onunla getdim. Kirayədə qalırdı. Bir neçə ay çox normal münasibətlərimiz oldu. Amma sonra bir anda dəyişdi. Məni döyməyə, söyməyə başladı. Əlimi, qolumu bağlayıb, təhqir edirdi. Ondan iki dəfə şikayət etmişəm və ayrılmışam. Amma işlədiyim yerdən məni tapıb, yenidən yalvararaq barışmışdı. Mən də şans vermək qərarına gəldim, amma kaş qayıtmazdım”.

“Məni günlərlə döyüb bir otaqda bağlı saxlayırdı ki, qaçmayım”

Birlikdə yaşadığı insanın onu saçımdan tutub sürüdüyünü deyən Sevincin sözlərinə görə, oğlan onun yenidən qaçacağını düşünərək, ailəsinə hədə-qorxu gəlirdi:

“Məni öldürəcəyi ilə hədələyirdi. Bir gün axşam məni anamgilə göndərdi ki, get, pul gətir. Amma qaçmağı düşünmə səni onsuz da tapacam, sən gəlməsən də, ailənə pislik edəcəm. Mənə deyirdi ki, 50 manatdan az pul gətirsən, sümüklərini sındıracam. Bilmirəm o pulları hara xərcləyirdi. Onun ucbatından mənim hər kəsə borcum var. Əlimdə-ovcumda olan, çalışdığım, illərdə yığdığım bütün pulları xərcləyib, aldığım əşyaları hamısını satıb, pul edib.

Pul gətirməyəndə məni döyüb, otağa bağlayırdı. Səhərə qədər qapıda yatırdı ki, qaçmayım. Yaraların izləri keçəndən sonra otaqdan çıxarırdı. Hər şeyə dözərdim, amma məni istəmədiyim hərəkətləri etməyə vadar edirdi. Şəxsiyyətimi, ləyaqətimi alçaldırdı. Qadınlıq qürurumu tapdalayırdı. Artıq dözə bilmədim və nəhayət bir gecə pul gətirmək adı ilə evdən qaçdım. Mənə kömək edən insanlar sayəsində həyatım xilas oldu. Amma yenə də dolanışığımı təmin etmək üçün işləməliyəm, məni gördüyü yerdə öldürəcəyini dediyi üçün narahatam. Mən heç kimdən heç nə istəmirəm. Sadəcə ailəmin və öz həyatımın təhlükəsizliyinin təmin olunmasını istəyirəm. Aidiyyəti orqanlara müraciət etmişəm, hüquq-mühafizə orqanları da bu məsələ ilə maraqlanır. Ümid edirəm ki, normal həyatıma qayıda biləcəm”.

Sevinc deyir ki, oğlanın onu ölümlə hədələdiyini, ailəsinə ziyan verəcəyini sübut edə bilmir:

“Mən istəmirəm ki, mənə görə ətrafımdakı insanlara ziyan gəlsin. Heç kimdən başıma gələnlərə şahidlik etmələrini istəyə bilmirəm. Onlara nəsə olsa, vicdan əzabı çəkərəm. Son bir neçə aya qədər ailəmlə əlaqə saxlamağa da qorxuram. Eşidirəm ki, ailəmə zəng edir, məni axtarır. Onları hədələyir. Gələcəkdə nə olacağını bilmirəm. Bu insanın məndən və ailəmdən uzaq olması üçün dua edirəm”.

Oxu.az