.

September 25, 2020

“Qadınların 80 faizi həmcinsləri tərəfindən psixoloji zorakılığa məruz qalır” – MÜSAHİBƏ

Bu gün səhər saatlarında Qazax rayonunun Qaymaqlı kəndində Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda həyatını itirib. Cinayəti törədən ər isə saxlanılıb. O, cinayəti ehtiyatsızlıqdan törətdiyini deyib.

Məlumdur ki, bu ölkədə ilk qadın cinayəti deyil. Hər gün, hər ay, hər il onlarla, yüzlərlə qadın zorakılığın qurbanına çevrilir. Ölkəmizin bir ay ərzində 13 qadın cinayətinə şahidlik etdiyi zamanlar olub.

Yenisabah.az-ın sözügedən məsələ ətrafında bu və digər suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təlimat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə cavablandırıb:

- Tural bəy, 2019-2020-ci illərdə nə qədər qadın zorakılığa məruz qalıb? Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 2019-cu ildə qadınlara qarşı ümumilikdə 5 min 706 cinayət törədilib. 2020-ci ilin birinci rübündə isə bu say 1 651 olub. Bunlar isə öz daxilində qruplara ayrılır. Bəs qətlə yetirilən qadınların sayı nə qədər olub?

- Cinayət işinin açılması ilə bağlı statistika bizdə olur, amma həyatını itirənlərlə bağlı statistika Ədliyyə Nazirliyində əks olunur. Çünki ölüm aktının qeydə alınması ilə bağlı qeydiyyatı onlar aparır. Bizim əlimizdə olanlar Daxili İşlər Nazirliyinin məlumatlarıdır və biz ancaq nə qədər cinayət işi açıldığını bilirik. Məsələn, Cinayət Məcəlləsinin 176.1-ci maddəsində “Nikaha daxil olmağa məcbur etmə” əks olunur. 2019-2020-ci ildə ildə bununla bağlı cinayət işi qeydə alınmayıb.

- Bəs zorakılıq halları daha çox hansı bölgələrdə qeydə alınıb?

- Zorakılıqla bağlı bölgələrin siyahısı Daxili İşlər Nazirliyinin özündə olur, biz onu bölgələr üzrə götürmürük, çünki özümüzün məlumat bankımız var, orada ilin sonunda onları qruplaşdırırıq. Ona görə də bu ilin sonunda hansı bölgədə nə qədər zorakılıq halının baş verdiyi tam məlum olacaq.

- 2019-cu ilin məlumatlarında daha çox hansı bölgələrdə qadınlara qarşı cinayətlər baş verib?

- Ötən illə bağlı məlumatlar məndə yoxdur. Sektor müdirindədir. Sektor müdirimiz isə hazırda məzuniyyətdədir. Bir-iki gün əvvəldən bilsəm, bu haqda mütləq məlumat tapardım.

- Siz az əvvəl baş verən zorakılıq hallarının ümumi statistikasını söylədiniz. Bəs məişət zəminində zorakılığa məruz qalan qadın və uşaqlar nə qədərdir?

- 2019-cu ildə məişət zəminində (fiziki, psixoloji, iqtisadi və s.) 2 min 269, 2020-ci ilin birinci rübündə isə 615 qadın zorakılığa məruz qalıb. Uşaqlara gəldikdə, 2019-cu ildə zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayanların sayı 196, 2020-ci ilin ilk rübündə 54 olub. Lakin qeyd edim ki, 2019-2020-ci illərdə uşaq müəssisələrində olan uşaqlara qarşı zorakılıq halı qeydə alınmayıb. Bir şeyi qeyd edim ki, biz məişət zorakılığının ümumi zorakılıq üzrə statistikasını alıb rəqəm kimi deyirik, amma daxil olan məlumatlarda biz onu fiziki, cinsi, psixoloji olaraq ayırırıq. Daha çox psixoloji və fizikiyə bölürük. Çünki iqtisadi zorakılığı tam şəkildə anlayıb, onun statistikasını aparmaq çox zaman mümkün olmur. Çünki bəzən bütün iqtisadi zorakılığın başında psixoloji nüanslar durur. Həmçinin işin fiziki hissəsinədək olan mərhələdə də artıq psixoloji zorakılıq olur. Çünki heç kim heç kimi durduq yerə vurmur. İnsan beyni yüklənir, artıq pik həddə çatanda səbr daşır və zorakılıq işin fiziki tərəfinə keçir. Ona görə də biz bunu psixoloji və fiziki olaraq iki yerə ayırırıq. Zorakılığın yaranma səbəbini axtaranda bütün işlərin əvvəlində kənarın təsirini görürük. Çox insan fikirləşir ki, fiziki və yaxud məişət zorakılığı yalnız kişilər tərəfindən qadınlara tətbiq edilir. Amma psixoloji zorakılığın 80 faizi qadının qadına olan zorakılığıdır. Belə ki, qayınana, baldız, ətrafda olan digər qadınlar psixoloji zorakılıqda daha çox rol oynayır. Fizikidə isə kişinin qadına zorakılığını müşahidə edirik.

- Baş verəcək zorakılıqların sayını azaltmaq, ümumiyyətlə qarşısını almaq üçün qurumunuz tərəfindən hansı tədbirlər həyata keçirilir? Bu istiqamətdə tətbiq olunan yeni layihələr varmı?

- Bizim yerli icra hakimiyyətlərində monitorinq qruplarımız var. O monitorinq qruplarında məişət zorakılığının qurbanı ilə işləməli olan bir neçə qurumu bir yerə yığmışıq ki, bürokratik əngəllər yaranmasın. Məlumdur ki, zorakılıq qurbanı olan qadının həm məhkəmədə, həm polisdə, həm tibbdə işi ola bilər. Bu səbəblə monitorinqin tərkibində rayon prokurorluğunun məsul şəxsi, ehtiyac olanda komitənin bir əməkdaş, xanımın himayəsində uşaq varsa, psixoloq, həmçinin rayon icra hakimiyyətinin qadın müavini iştirak edir. Səhiyyə Nazirliyindən isə situasiyadan asılı olaraq ginekoloq, pediatr və s. monitorinq qrupunda ola bilər. Onlar bir yerə toplaşırlar və problemi olan vətəndaşı dinləyirlər. Elə həmin anda problem qeyd olunur və vətəndaşa yardım göstərilir. Monitorinq qruplarımız artıq 2015-ci ildən fəaliyyət göstərir. Hətta bizim məişət zorakılığı üzrə iş sektorumuz var. Mən də o sektorun əməkdaşıyam. Bildirim ki, monitorinq qrupuna göndərilən məlumatların statistikası aparılır. Onların görmüş olduqları işlə bağlı cavab məktubları gəldikdə isə onlar analiz edilir. Vətəndaşla əlaqə saxlayıb görülən işin onları qane edib-etmədiyini öyrənirik. Əgər qane etmirsə, yenidən onunla bağlı işə baxırıq. Ər-arvad arasındakı mübahisənin ən böyük qurbanı uşaqlardır. Uşaq atanın yanında qalanda anasız, ananın yanında qaldıqda isə atasız olur. Onlar natamam ailə uşaqları olurlar ki, bu da heç xoşagələn hal deyil. Çünki istər-istəməz o uşaqlara psixoloji təsirlər olur. Buna görə də onların reabilitasiyasını aparmaq üçün bizim həm məktəblərdə, həm monitorinq qruplarında, həm icrada psixoloqlarımız var. Ailələrə müraciət edirik, uşaqlar dəvət olunur və onlarla lazımi söhbətlər aparılır. Bu zaman uşaqların yaşına, məruz qaldıqları təzyiqlərə xüsusi diqqət yetirilir. Hüquqi problemi olan istənilən qadın və uşaq bizə müraciət edə bilərlər. Heç bir ödəniş tələbi olmadan onlara xidmət göstərilir. Təki, əlimizdən gələn köməkliyi edə bilək.

Sayad HƏSƏNLİ