“Ərəblər gələndən seks xidməti göstərən qadınların
sayı artıb” – son vaxtlar ən çox eşitdiyimiz ifadələrdəndir. Aydın məsələdir
ki, əvvəl bu qədər insan bu işlə məşğul olmayıb, tələb gələn kimi təklif də ona
mütənasib meydana çıxıb. Yəni ərəblərin müştərisi olduqları əksər xanımlar bu fəaliyyətə
təzə başlayıblar. Bəs necə olur ki, bu qədər sərt mühafizəkar mentaliteti olan
və 90%-dən çox əhalisi özünü müsəlman hesab edən ölkədə mənzərə qəfil dəyişir?
Bu
barədə fikirləşəndə yadıma həmişə 1920-lərin əvvəllərində Vaymer (Weimer)
Respublikası dövründə Almaniyada baş verən iqtisadi çöküşün seks işçilərinin
sayını sürətlə artırması düşür. Stefan Zveyq (Zweig) “Dünənin
Dünyası”nda yazır ki, Berlində birdən-birə çoxlu fahişəxana meydana çıxmışdı.
İnflyasiya fantastik hədlərdə idi (1 ABŞ dolları 4 milyon Almaniya markasına bərabər
idi). Bir müddət sonra isə dövlət iqtisadiyyatı tənzimləyə bildi,
hiper-inflyasiya başa çatdı. Bu zaman qəribə şəkildə həmin fahişəxanalar yoxa
çıxdı. Bəs oradakı seks işçiləri hara getdi?
Bunun
cavabını son vaxtlara qədər bilmirdim. Bir müddət əvvəl bir nəfərin
yazısından oxudum ki, 1990-larda Azərbaycanda da baş verən iqtisadi böhran
zamanı çoxlu ənənəvi, yəni patriarxal mentalitetə uyğun həyat sürən qadın seks
işçiliyinə başlamışdı. Məsələn, müəllim, həkim və ya başqa peşə sahibi işdən
çıxır, seks xidməti göstərdiyi ünvana gedir, orada da işini görüb, evinə
gedirdi. Evdə də əri, uşaqları – adi həyat tərzi yəni. 90-ların başa çatması ilə
vəziyyət qismən sabitləşdi, əhalinin gəliri bir az artdı və bu xanımlar xidmətlərinə
son qoydular, heç nə olmamış kimi öz sakit həyatlarını yaşamağa davam etdilər.
Bu
yaxında isə daha maraqlı bir məlumat eşitdim. Deməli, 1990-larda Azərbaycandan
Türkiyəyə, Dubaya və digər ölkələrə qadın “ixracı” şəklində insan alveri barədə
hamımız bilirik. Xüsusən, Dubay sözü bədnam ifadə şəklini almışdı. Ora gedən
xanımların əksəriyyəti adi seks işçisi kimi çalışsa da, bir qismi sutenyor ola
bilmişdi. Bu sutenyorlarıın bəziləri ölkəyə qayıdanda həbs olunub. DİN-nin
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları onlara açılmış cinayət işi
çərçivəsində şahidləri axtarıblar. Məlum olub ki, onların istismar etdiyi
qadınların xeylisi ölkədə yaşayır. Mənim eşitdiyimə görə, polis əməkdaşları bu
məsələdə peşəkar davranıblar. Belə ki, məsələn, hansısa xanım əvvəllər Dubayda
seks işçisi kimi istismar olunub. Ölkəyə qayıdandan sonra isə evlənib (və ya əvvəlki
evliliyini davam etdirib) və adi həyat sürməyə başlayıb. Polislər ailəni
dağıtmamaq, onların sabit həyatlarını məhv etməmək üçün qapını döydükdə, özlərini
qaz idarəsinin əməkdaşları kimi təqdim edir və evdə borulara baxmalı
olduqlarını deyirlər. Evə girəndə baxırlar, əgər qadın təkdirsə, məsələni ona
danışırlar. Şəxsiyyətinin gizli tutulacağını, sadəcə şahid və ya zərərçəkmiş
kimi ifadə verməli olduğunu bildirirlər.
Bütün
bunlara baxdıqda, bu nəticə çıxır ki, nəinki bir xalqın, hətta əksər hallarda
ayrı-ayrı fərdlərin də oturuşmuş, heç vaxt dəyişməyən xasiyyəti, xəyanət edə
bilmədiyi prinsipləri yoxdur və ya çox azdır. İnsanlar toxluq vaxtı müqəddəs,
toxunulmaz elan etdikləri dəyərləri aclıq vaxtı yavaş-yavaş müqəddəslikdən məhrum
edir və onların toxunulmaz statuslarını dondururlar. Vəziyyətdən çıxmaq
lazımdır, onlar da əvvəllər özlərinə qadağan etdikləri və ya cəmiyyətin onlara
tabu hesab etdiyi işi görürlər, nəticədə nəinki acından ölmürlər, eləcə də
qazandıqları pulla ailələrini qoruyur, uşaqlarının təhsilini təmin edirlər.
Dövr dəyişib, böhran qismən başa çatanda da əksəriyyəti yenə tabulu mövzulara
qayıdırlar. Buna bənzər mənzərə tarixdə çox yaşanıb. Məsələn, avropalı müstəmləkəçilər
Avropada son dərəcə mədəni olur, ballarda xanımların geniş ətəkli tumanlarının
qatlarını xışıldadanda ikiqat olub üzr istəyirlər, amma eyni adamlar Afrikada,
Amerikada insanları kütləvi qıra, zorlaya, qul edə bilirdilər.
Adamların
nəyisə ayıb sayması üçün əsas həlledici amil onların başlarının üzərindəki
hakimiyyətin bu məsələni ayıb sayıb-saymamasıdır. Bu gün seçki
saxtalaşdırmaq nəinki ayıb sayılmır, hətta bunu edənlər məclisdə başda
oturdulur, elçiliyə onu göndərirlər. Amma demokratik cəmiyyətdə, insanların səsləri
uğrunda mübarizə apardıqları şəraitdə seçki saxtalaşdırmaq ən ayıb işlərdən
biri sayılacaq. Özü də rahat, heç bir koqnitiv dissonans yaşamadan. Çünki əksər
insanlar üçün əxlaqi keyfiyyətləri müəyyən etmək əziyyəti dövlətin,
ağsaqqalların, dədə-babanın, Amerikanın, peyğəmbərin, imamların... əlqərəz əlçatmaz,
ünyetməz, sözeşitməz subyektlərin işidir. Onların işi isə cəmiyyətdə hamılıqla
qəbul olunmuş qadağalara riayət etmək, qadağa altında olmayan hər şeyi
sui-istifadə səviyyəsinə qədər istismar etməkdir.
Əgər
ölkəyə çoxlu ərəb gəlirsə, deməli, onların ölkələri ilə viza rejimi sadələşdirilib,
deməli, dövlət istəyir ki, onlar gəlsin. “Tarqovının ortasında” insan
alveri baş verirsə, deməli, dövlət bundan pul qazanmaq istəyir. Vəssalam, bu, əxlaqi
qadağaların sərhədlərini müəyyən etmək üçün kifayətdir. Dövlətin niyyəti bəllidir
– “Ərəbləri cəlb edin”. Bir də, əlbəttə ki, müqəddəs tələb-təklif əyrisi işə
düşür. Əlində çoxlu pul olan adamlar seks işçisi axtarırlar. Ən qapalı, ən
mühafizəkar cəmiyyət də bu tələbatın qarşısına mütanasib təkliflərlə çıxacaq.
Bir gün bu “ərəb axını” bitəndə və ya səngiyəndə indi onlara pulla xidmət edən
xanımlar heç nə olmamış kimi öz həyatlarına geri dönəcəklər, bellərində nəhəng
qırmızı lentlə evlənəcəklər. Ətrafdakılar tərəfindən də qəbul ediləcək. Çünki əxlaqın
qadağalarının sərhəddini dövlət müəyyən edir, bu sərhəddi dəyişməyə
çalışmaqdansa, ona uymaq daha asan və qınaqsızdır. Əksinə bu sərhədləri dəyişməyə
cəhd edənlər qınanır.
Zaur
Qurbanlı